Nəinki regionda, dünyada satışda ən ucuz yumurta Hindistandan sonra Azərbaycandadır. Azərbaycanda gündəlik tələbatdan 20-30% artıq süfrə yumurtası istehsal olunur. azserver.biz xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli deyib. O bildirib ki, hazırda ölkədə süfrə yumurtasına gündəlik tələbat 4 milyon ədəd civarındadır: "Amma istehsalımız 5,5 milyon ədədin üzərindədir. Nəinki regionda, deyərdim ki, dünyada satışda ən ucuz yumurta Hindistandan sonra Azərbaycandadır. Hazırda yumurtanın fabriklərdən çıxış qiyməti 6-7 qəpik, marketlərdə isə 8-9 qəpikdir. Bu isə maya dəyərindən 7 qəpik aşağı deməkdir. Ölkədə yumurta bolluğu var. Ona görə də böyük rəqabət var deyə hər kəs aşağı qiymətə malını satmaq istəyir". Mütəxəssis Azərbaycanın yumurta ixracından da danışıb: "Damazlıq yumurta kifayət qədər artıqdır və ilin ilk ayı üçün 3-4 milyon ədəd damazlıq yumurta ixracımız gözlənilir. Süfrə yumurtasında da bu ay üçün təqribən 20 milyon ədəd ixrac proqnozlaşdırılır. İxracımız əsasən Yaxın Şərq ölkələrinədir. Ölkələr üzrə ifadə etsək, Əfqanıstan, Qətər, İraq, Kuveyt və digər ölkələri qeyd edə bilərik".