Paytaxt ərazisində son illər sürətlə qiyməti artan daşınmaz əmlak növlərindən biri də torpaqlardır. Hazırda Bakının mərkəzi rayonlarında torpaq sahələrinin sayı və ölçüsü xeyli məhdud olsa da, bazarda təkliflər hələ də qalmaqdadır. azserver.biz xəbər verir ki, yenisabah.az paytaxtın mərkəzi rayonlarında təklif edilən torpaq qiymətlərini araşdırıb. Müşahidələrimiz Bakının Səbail, Nəsimi, Nərimanov, Xətai və Yasamal rayonlarını əhatə edib. Maraqlıdır ki, ötən ildən fərqli olaraq, artıq bu sahədə liderliyi Nəsimi və Nərimanov deyil, Səbail rayonu əlində saxlayır. Hazırkı vəziyyətdə elan saytlarında ən yüksək qiymətə təklif olunan torpaq sahələri məhz Səbail rayonu ərazisindədir. Rayonun Badamdar qəsəbəsi ərazisində 20 sot torpaq sahəsi 1 milyon 200 min manat, Bayıl qəsəbəsində 31 sot torpaq sahəsi 6 milyon 500 min manat, Şıxovda isə 80 sot ərazi 4 milyon 800 min manata satışa çıxarılıb. Nərimanov rayonu ərazisində də torpaq qiymətləri sözün əsl mənasında əl yandırır. Rayon ərazisində satışa təklif olunan 13 sot torpaq sahəsi 1 milyon 690 min manat, "Gənclik" metrostansiyası yaxınlığında yerləşən 21 sot torpaq sahəsi isə 3 milyon 500 min manata satılır.