Bakıda, Nizamı Kino Mərkəzində "Səma xanımı" filmi təqdim olunub. azserver.biz xəbər verir ki, film, Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunub. O, Azərbaycanın ilk təyyarəçi qadını olmaqla yanaşı, həmçinin SSRİ-nin ikinci qadın paraşütçülərindən biri kimi də tanınıb. Filmdə Leyla xanımın 1930-1933-cü illərdəki həyatı öz əksini tapıb. Qadınların bir çox məhrumiyyətlərinin olduğu o dövrdə Leylanın həyatla mübarizəsi, çadradan imtinası, qorxmazlığı, möhkəm iradəsi bədii xətlə göstərilib. Eləcə də, ətrafdakı insanların qınaqlarına baxmayaraq, həyat yoldaşı Bəhramın ona bu mübarizədə dəstəyi diqqətə çatdırılıb. Bəhramdan dəstək alaraq daha inamla bu yolda addımlayan Leylanın oxumaq istəyi, Bakı Təyyarəçilər Məktəbinə qəbulu, uğurlu tələbə olması, ilk sərbəst uçuşu və daha sonra paraşütdən atlayışı filmdə tamaşaçıya çatdırılan hadisələr sırasındadır.